QUŞÇULUQ MƏHSULLARININ YARMARKALARI BAHALAŞMANIN QARŞISINI ALIR
AZƏRTAC xəbər verir ki, mayın 4-də Bakı şəhərinin “Təzə bazar” MMC-də, 3-cü mikrorayon, Nəsimi və Sabunçu bazarlarında, Yeni Günəşli və digər yerlərdə quşçuluq məhsullarının növbəti yarmarkaları keçirilmişdir.
Yarmarkalarda alıcılara keyfiyyətli və bazar qiymətlərindən ucuz mallar təklif olunurdu. “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Hövsan, İmişli, Goradil, Giləzi, Mərdəkan və digər quşçuluq fabriklərindən gətirilmiş məhsullar satılırdı.
İmişli broyler fabrikinin işçisi Faiq Əhmədov dedi ki, yarmarka açılandan buraya məhsul gətirirəm. Alıcılar qiymətlərdən razıdırlar. Təzə toyuq ətinin kiloqramını 2 manat 50 qəpiyə, onun içalatını 2 manat 20 qəpiyə satıram. Burada nümunəvi şərait yaradılmışdır. Giləzi quşçuluq fabrikindən satışa 7 min 200 ədəd yumurta gətirmiş Sabir Abdullayev qeyd etdi ki, yumurta yüksək keyfiyyətli olduğuna görə birini 10 qəpiyə, qəfəsini 3 manata satırıq. Görürsünüz, camaat bizdən razıdır. Alıcı, özəl şirkətdə iqtisadçı işləyən Kamal Quluzadə bildirdi ki, bu yarmarkadan hər həftə alver edirəm, təmiz və keyfiyyətli məhsullardır. Yaxşı olardı ki, burada yumurta və toyuq satışı həftənin 7 günü fəaliyyət göstərsin.
Hövsan broyler fabrikindən Heydər Babayev toyuq ətinin kiloqramını 2 manat 40 qəpiyə, yumurtanın birini 9 qəpiyə, qəfəsini 2 manat 70 qəpiyə, Giləzi MMC-dən Sabir Qarayev satışa çıxardığı 2 min ədəd yumurtanı həcminə görə 9-10 qəpiyə satırdılar. Alıcı Nazim Azəroğlu qiymətlərin ucuz olduğunu bildirdi və yumurta ilə yanaşı Hacıqabul toyuğunun satışa gətirilməsini təklif etdi.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, bu gün şəhərin 8 yarmarkasında satışa 25 ton toyuq əti və 550 min ədəd yumurta çıxarılmışdır. Şənbə və bazar günləri də yarmarkalar davam edəcəkdir.