RABİTƏ İŞÇİLƏRİNİN RESPUBLİKA SPARTAKİADASINA START VERİLMİŞDİR
Bakı, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da Bakı İdman Sarayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi və “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyətinin Respublika Şurasının birgə təşkilatçılığı ilə rabitə işçilərinin “Sağlamlıq-2009” respublika spartakiadasının təntənəli açılış mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən rabitə və informasiya texnilogiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir ki, digər sahələrdə olduğu kimi, idmanda da ölkəmiz yüksək nailiyyətlərə imza atmış, idmançılarımız beynəlxalq yarışlarda Azərbaycanı ləyaqətlə təmsil edirlər. Təsadüfi deyil ki, hazırda respublikamız dünyada idman ölkəsi kimi tanınır. Bütün bunlar Prezident İlham Əliyevin idmanın inkişafına, gənc nəslin sağlam böyüməsinə göstərdiyi qayğının gözəl təcəssümüdür.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov artıq ənənəvi hal almış spartakiadanın yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. O, demişdir ki, respublikanın ən ucqar bölgələrində belə, tikilib istifadəyə verilmiş Olimpiya idman kompleksləri yerlərdə idmanın kütləviliyində, peşəkar idmançıların yetişməsində mühüm əhəmiyyət kəsb edir. Hazırda bölgələrdə 21 Olimpiya idman kompleksi fəaliyyət göstərir, 15-nin də növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. İlin sonuna yaxın daha üç kompleks təhvil veriləcəkdir ki, bu da ilk növbədə gənclərimizin sağlam həyat tərzi sürməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edir.
Nazir müavini vurğulamışdır ki, Azərbaycan bu gün idman sahəsində ən öndə gedən ölkələrdən biridir. Son illər yüzlərlə dünya və Avropa miqyaslı yarışların, lisenziyalı turnirlərin məhz respublikamızda keçirilməsi bunun bariz nümunəsidir. Rabitəçi idmançıların da ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil etdiyini nəzərə çatdıran İ.İsmayılov bu uğurların davamlı olacağına əminliyini ifadə etmişdir.
Noyabrın 14-dək davam edəcək və 600 rabitəçinin qatıldığı spartakiadada idmançılar kross, voleybol, mini-futbol, kəndirdartma, nərd, şahmat, dama, ağırlıqqaldırma üzrə yarışacaqlar. Spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan kollektivlər xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri və şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar qiymətli hədiyyələrlə təltif olunacaqlar.
######
