Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsinin anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının şərəfinə ucaldılmış abidə önünə tər güllər düzmüşlər. Sonra Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son illər Azərbaycanın haqq səsinin, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı reallıqların bütün dünyaya çatdırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd etmişdir. Bildirmişdir ki, faciəni özündə əks etdirən posterlərin, plakatların dünyanın böyük şəhərlərində, metro stansiyalarında və insanların sıx toplaşdığı ərazilərdə yerləşdirilməsi nəticəsində haqq səsimiz milyonlarla insana çatdırılmışdır.
Ə.Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə soyqırımı ilə bağlı həqiqətləri, xalqımızın bu məsələdə barışmaz mövqeyinin dünya ictimaiyyətinə qətiyyətlə bəyan edildiyini və hər il geniş tədbirlər həyata keçirildiyini vurğulamışdır. Bildirilmişdir ki, Prezidentin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində apardığı siyasətin bir komponenti də münaqişə qurbanlarının xatirəsinin yad edilməsi, onların ailə üzvlərinə həm mənəvi, həm də maddi dəstək verilməsidir.
Tarixən ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin hazırda da davam etdirildiyini deyən nazir, bu gün Azərbaycan dövlətinin inkişaf etdiyini və bütün təhlükələrin qarşısının alınması üçün böyük gücə malik olduğunu xüsusi vurğulamışdır. Nazir Xocalı soyqırımı zamanı şəhəri son tərk edənlərin də məhz rabitəçilər olduğunu vurğulayaraq, Gülbahar Behbudova, Çingiz Hüseynov kimi rabitəçilərin faciədə həlak olduqlarını, digər rabitəçilərimizin isə ən yaxınlarını itirdiklərini söyləmişdir.
Tədbirdə çıxış edən Xocalı sakinləri soyqırımı zamanı yaşananları bir daha xatırlayaraq, erməni daşnaklarının insanlığa sığmayan, qocaya, uşağa, qadına məhəl qoymadan törətdikləri vəhşiliklərdən danışmışlar. Vurğulanmışdır ki, xalqımız bu faciəni heç zaman unutmayacaq və bu qətliam hər bir azərbaycanlının qan yaddaşında daim həkk olunacaqdır.
Xocalı sakinləri ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulamış və bu diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.
Sonda nazir Ə.Abbasov Xocalıdan olan rabitə işçiləri ilə görüşmüş, problemləri ilə maraqlanaraq müvafiq tapşırıqlar vermişdir.