MƏDƏNİYYƏT
RAUF HACIYEVİN XATİRƏ GECƏSİ
Görkəmli mədəniyyət xadimi, bəstəkar, SSRİ xalq artisti Rauf Haçıyevin 80 illik yubileyinin ölkəmizdə layiqincə qeyd edilməsi barədə Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci il 1 may tarixli sərəncamına uyğun olaraq iyunun 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində unudulmaz bəstəkarın yaradıcılığına həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Universitetin foyesində Rauf Hacıyevin həyat və sənət yolunu əks etdirən sərgi açılmışdı.
Universitetin prorektoru, professor Solmina Dadaşova, musiqişünaslıq kafedrasının müdiri, professor Nailə Kərimova, muzeyşünaslıq kafedrasının müdiri, professor Ramiz Ağayev, kütləvi tədbirlər və bayramlar kafedrasının dosenti Həbib Qurbanov və başqaları xatirə gecəsində çıxış etdilər. Onlar Rauf Hacıyevin incə qəlbli bəstəkar olmaqla yanaşı, eyni zamanda Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, SSRİ Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, mədəniyyət naziri kimi də respublikamızın mədəni həyatında oynadığı təqdirəlayiq roldan danışdılar, görkəmli musiqi xadiminin yüksək insani keyfiyyətlərindən bəhs edən xatirələrini söylədilər.
Sonra ölməz sənətkarın gözəl, füsünkar mahnıları səsləndi, onun haqqında çəkilmiş “Bəstəkar Rauf Hacıyev” sənədli televiziya filmi nümayiş etdirildi.
Gecənin axırında Rauf Hacıyevin qızı, musiqiçi Nanə Hacıyeva çıxış edərək, atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi.