RƏCƏB TAYYİB ƏRDOĞANIN RUSİYAYA SƏFƏRİ
Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə dekabrın 23-də Moskvaya işgüzar səfərə gəlmişdir. Həmin gün o, Rusiya paytaxtında “Koç Holdinq” tərəfindən inşa olunan “Ramstore” ticarət mərkəzinin açılış mərasimində iştirak etmişdir.
Rəcəb Tayyib Ərdoğan sonra Rusiya hökumətinin sədri Mixail Kasyanov ilə görüşmüş, iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, turizm sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparmışdır.
Türkiyənin nüfuzlu “Sabah” qəzetində dərc olunmuş məqalədə energetika və təbii ehtiyatlar naziri Hilmi Gülərin sözlərinə istinadən bildirilir ki, Türkiyənin yeni hökuməti Bakı-Tbilisi-Ceyhan layihəsinə Rusiyanın da daxil olması və onun neftinin də bu kəmər vasitəsilə Aralıq dənizinə nəqli mövzusunu müzakirə etməyə hazırdır. Səfər zamanı Türkiyənin yeni hökumətinin bu mövqeyi Rusiya rəhbərliyinə də çatdırılacaqdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
X X X
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Kremldə Rəcəb Tayyib Ərdoğan ilə görüşmüşdür. İTAR-TASS xəbər verir ki, son vaxtlar qarşılıqlı əlaqələrin intensiv inkişaf etdiyini vurğulayan dövlət başçısı Rusiya və Türkiyə münasibətlərinin ən yaxşı ənənələrinin qorunub saxlanacağına və iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə qalxacağına ümid bəslədiyini söyləmişdir. Prezident Putin demişdir ki, “Mavi axın” layihəsinin həyata keçirilməsi iki ölkənin münasibətlərinin möhkəmliyini bir daha göstərir və belə bir inam yaradır ki, Rusiya və Türkiyə bir-biri üçün etibarlı tərəfdaş olacaqlar.
Rəcəb Tayyib Ərdoğan isə bildirmişdir ki, Rusiya ilə xarici iqtisadi əlaqələri daha da inkişaf etdirmək Türkiyənin başlıca məqsədidir.
Rusiya rəhbəri Moskvadakı məlum terror hadisəsi zamanı dəstəyinə görə Türkiyəyə minnətdarlığını bildirərək demişdir: “Rusiya da, Türkiyə də terrorizmlə mübarizə üzrə beynəlxalq koalisiyanın fəal iştirakçılarıdır və ümid edirik ki, bu sahədə münasibətlərimiz möhkəmlənəcəkdir”.