“Region gənclərinin bacarıqlarının artırılması” layihəsinin icrasına başlanılıb
Bakı, 21 noyabr, AZƏRTAC
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region gənclərinin bacarıqlarının artırılması” layihəsinin icrasına başlanılıb.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin dövlət maraqlarının qorunmasında iştirakçılığını təmin etmək, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaqdır. Həmçinin region gənclərinin təşəbbüslərinin artırılmasına dəstək verməklə dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdən ibarətdir.
Layihə çərçivəsində təlimlər noyabrın 18-19-da Gəncə, Mingəçevir və Tovuz şəhərlərində keçirilib.
“Gənclərlə iş”, “Layihələrin yazılması və idarə edilməsi”, “Sosial şəbəkələrdən düzgün istifadə” və “Gənclərlə işdə rəqəmsal bacarıqlar” mövzuları üzrə keçirilən təlimlərdə 100-ə yaxın gənc iştirak edib.
Həmçinin qeyd edilib ki, layihə müddətində təlimlər Qəbələ, Balakən, Mingəçevir, Neftçala rayonlarında və Naxçıvan Muxtar Respublikası da olmaqla ümumilikdə səkkiz regionda təşkil ediləcək.