Region universitetlərinin gənc tədqiqatçıları üçün seminarlar təşkil ediləcək
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region universitetlərinin gənc tədqiqatçıları üçün seminarların təşkili” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki, Şamaxı və Quba filiallarında gənc alimlər, doktorantlar, magistrlər, universitet müəllimləri, tədqiqatçılar üçün 2021-cu ilin oktyabr və noyabr aylarında seminarlar keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətindən bildirilib. Ümumilikdə 180 nəfəri əhatə edəcək layihənin məqsədi gənc tədqiqatçılara “Open Science” platforması haqqında təqdimat etməklə bu sistemlərə üzv olmaq və onlardan istifadə yollarını öyrətməkdir. İştirakçılar “Open Access” jurnallarına çıxış imkanları barədə məlumatlandırılacaq. Elmi məqalələrin hazırlanması metodologiyası, preferansların hazırlanması üçün beynəlxalq yazılış qaydaları haqqında geniş bilik və informasiyalar əldə edəcəklər.
Seminarlarda gənc alim və tədqiqatçılara “Open Science”, “Open Access”, “Open Research date”, “Open innovation”, “Open research computation”, “Citizen science”, “Scientific social network” haqqında da ətraflı biliklər veriləcək. Avropa elmi məkanında tətbiq olunan “Open Science” və uyğun təcrübələrlə bağlı təqdimatlar olacaq.
Ölkəmizdə “Open Science” hərəkatının genişləndirilməsi məqsədilə “Eurodoc” və onun üzv təşkilatları ilə qarşılıqlı müzakirələr aparacaq və “Open Science” ilə bağlı tədqiqatçılar arasında davamlı təbliğat işinin qurulması və region universitetlərində fəaliyyət göstərən gənc tədqiqatçıların beynəlxalq kommunikasiyalarının genişləndirilməsi sahəsində imkanlar araşdırılacaq.