REGİONDAKI MÜNAQİŞƏLƏR CƏNUBİ QAFQAZ SİYASİ KLUBUNUN YARADILMASINA ƏNGƏL TÖRƏDİR
J.Jelev Balkan Siyasi Klubu haqqında ətraflı məlumat vermiş, Cənubi Qafqazda da belə bir klubun yaradılmasının region ölkələri üçün əhəmiyyətini nəzərə çatdırmışdır.
2001-ci ildən fəaliyyət göstərən Balkan Siyasi Klubunun sıralarında bir sıra görkəmli siyasətçiləri, sabiq prezidentləri, baş nazirləri birləşdirdiyini qeyd edən qonaq, təşkilatın əsas məqsədinin Balkan regionunda sülh və əməkdaşlığın möhkəmləndirilməsi olduğunu və bu istiqamətdə geniş müzakirələrin aparıldığını bildirmişdir.
Nazir E.Məmmədyarov Cənubi Qafqaz Siyasi Klubunun yaradılması ideyasının maraqlı və müsbət olduğunu qeyd etmiş, bununla belə ilk öncə regiondakı münaqişələrin həll edilməsinin vacibliyini diqqətə çatdırmışdır. O, belə bir klubun yaradılması üçün region xalqları arasında etimad elementlərinin qurulmasının, birgəyaşayış ideyasının möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır.
Siyasi birlik ideyasının diqqətəlayiq olduğunu və geniş şəkildə araşdırılmasına ehtiyac duyulduğunu diqqətə çatdıran nazir, bununla bağlı bir çox görkəmli şəxslər və rəsmilərlə danışıqlarının aparılmasını vacib saymışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.