Rəsmi İrəvan Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalı, pozuculuq planlarına alət olmamalıdır ŞƏRH
Bakı, 9 noyabr, AZƏRTAC
Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Uzun illər erməni separatizminin yuvasına çevrilmiş tarixi şəhərimiz olan Xankəndidə artıq üçrəngli bayrağımız dalğalanır. Xankəndidə keçirilən hərbi paradda Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin tarixi əhəmiyyətini xüsusi vurğuladı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı çıxışında işğal dövründə Ermənistanın destruktiv mövqeyi, sülhə maraqlı olmaması barədə fikirlərini ifadə edərək bunun müharibə ilə nəticələndiyini, sonunda isə Zəfərimizlə torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.
Sevinc Fətəliyevanın sözlərinə görə, Vətən müharibəsində hərbi əməliyyatların dayandırılmasından üç il sonra bütün Qarabağda üçrəngli Bayrağımızın dalğalandırılması, suverenliyimizin tam bərpa olunması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Dövlətimizin başçısı vurğulayıb: “Biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik”.
Ölkəmizin güclü orduya malik olduğunu qeyd edən S.Fətəliyevanın sözlərinə görə, bundan sonrakı mərhələdə rəsmi İrəvan Prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmalı, hansısa xarici qüvvələrin regionda pozuculuq planlarına alət olmamalıdır. Təcrübə göstərir ki, hər hansı təxribat cəhdləri Ermənistanın özü üçün ciddi problemlər yaradır. Ona görə də, rəsmi İrəvan nə qədər tez sülh sazişi imzalasa, onun üçün faydalı olacaq.