RESPUBLİKA ALİ MƏHKƏMƏSİNİN NÖVBƏTİ PLENUMU KEÇİRİLMİŞDİR
Ali Məhkəmənin sədri Südabə Həsənova Plenumu açaraq, respublikamızda avtonəqliyyat vasitələrinin sayının günbəgün artdığını bildirmiş, müsbət cəhətləri ilə yanaşı, bunun bir sıra mənfi hallar doğurduğunu da xatırlatmışdır. Bu isə özünü bir qayda olaraq, yol-nəqliyyat hadisələrində göstərir. Belə hadisələr insanların ölümü və yaralanması, eləcə də, zərərçəkən şəxslərə külli miqdarda maddi zərər dəyməsi ilə nəticələnir.
Yol-nəqliyyat hadisələri ilbəil artır. 2001-ci ildə cəmi 797 yol-nəqliyyat hadisəsi qeydə alınmışdısa, 2003-cü ildə 1099 belə hadisə baş vermiş, bunların da 437-si ölümlə nəticələnmişdir.
Plenum qeyd etmişdir ki, respublika məhkəmələri bu qəbildən olan işlərə, əsasən, düzgün baxırlar, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edirlər. Lakin nöqsanlar da var, bu növ işlərə baxılarkən bəzən ciddi qanun pozuntularına yol verilir.
Bəzi məhkəmələr işin bütün faktik hallarının obyektiv olaraq tam araşdırılmasına lazımi diqqət yetirmir, hadisənin törədilməsində təqsiri olan digər şəxslərin də məsuliyyətə cəlb edilmələri üçün tədbir görmürlər.
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirli bilinən şəxslərə əsas və əlavə cəzaların təyin edilməsində, eləcə də, zərərin ödənilməsi ilə əlaqədar mülki iddiaların həllində də nöqsanlara yol verilir.
Müzakirə olunan məsələ barədə Plenumda Ali Məhkəmənin hakimi Rafiq Məmmədovun məruzəsi dinlənilmişdir.
Plenumda Apellyasiya Məhkəməsinin kollegiya sədri İlham Həsənov, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsi sədrinin müavini Əli Seyfəliyev, Suraxanı rayon məhkəməsinin sədri Rafiq Miriyev, Qaradağ rayon məhkəməsinin sədri Tofiq Səmədov, Əl Bayramlı şəhər məhkəməsinin sədri Həmid Əzizov, Ali Məhkəmə sədrinin müavini Ramazan Burcayev, Ali Məhkəmənin hakimləri Müzəffər Ağazadə və Nəriman Hüseynov, respublika baş prokurorunun müavini Eldar Nuriyev və ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış etmişlər.
Ali Məhkəmənin sədri Südabə Həsənova müzakirəyə yekun vurmuşdur.
Plenum əlavə kassasiya şikayətlərinə əsasən konkret cinayət işlərinə və mülki işlərə də baxmışdır.
Müzakirə olunan məsələ və işlər barədə müvafiq qərarlar qəbul edilmişdir.