Respublika çaylarında yaz-yay gursululuq dövrünün və daşqın hadisələrinin axım proqnozu hazırlanmışdır
Bakı, 8 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədi ilə aparılmış qar ölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla Respublikanın çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayından Şəmkir su anbarına axım normanın 75-94, Qanıx çayından Mingəçevir su anbarına axım normanın 74-102, Araz çayından Araz su anbarına axım isə normanın 40-60 faizini təşkil edəcəyi gözlənilir.
Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 86-123, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında 86-104, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 58-88, Naxçıvan MR çaylarında 35-87, Lənkəran-Astara bölgəsi çaylarında isə 52-84 faizini təşkil edəcəyi gözlənilir.
Gursululuq dövründə, xüsusən də aprel və may aylarının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, eyni zamanda gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Şinçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-ın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.