RESPUBLİKA DOĞUM EVİNİN BAZASINDA PERİNATAL MƏRKƏZİ YARADILMIŞDIR
Bakı, 5 dekabr (AZƏRTAC). Ölkədə əhaliyə göstərilən perinatal xidmətin keyfiyyətinin artırılması məqsədi ilə, Nazirlər Kabinetinin qəbul etdiyi “Ana və uşağın sağlamlığının qorunmasına dair tədbirlər Proqramına” uyğun olaraq Bakıda Respublika Perinatal Mərkəzi yaradılmışdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dünya standartlarına cavab verən ən müasir avadanlıqla təchiz edilmiş mərkəzdə xəstələrin doğumdan əvvəlki geniş spektr müayinəsi və müalicəsi aparılacaq, hamiləliyin normal keçməsi təmin olunacaq, perinatal dövrün patologiyası olan qadınlara və yenidoğulmuşlara stasionar tibbi xidmət, xəstə yenidoğulmuşlara reanimasiya və reabilitasiya yardımı, habelə hamilə qadınlara tibbi-psixoloji yardım göstəriləcəkdir.
120 çarpayılıq Mərkəzin tərkibində doğuş şöbəsi, iki hamiləliyin patologiyası şöbəsi, neonatologiya şöbəsi, yeni doğulmuşların intensiv terapiyası şöbəsi, laboratoriya, transfuziologiya və fizioterapiya kabinetləri fəaliyyət göstərəcəkdir. Hamilə, zahı qadınlara və yeni doğulmuş körpələrə bu tibb müəssisəsində 125 həkim - ginekoloq, terapevtlər, mammoloq, cərrah və ultrasəs müayinəsi həkimləri xidmət göstərəcəkdir.
Respublika Perinatal Mərkəzinin açılışı yaxın vaxtlarda baş tutacaqdır.
Mərkəzdəki vakant iş yerlərinə qəbul müsabiqə yolu ilə xüsusi olaraq yaradılmış komissiya tərəfindən həyata keçiriləcəkdir. Vakant yerlər və müsabiqənin şərtləri barədə bütün məlumatlar Səhiyyə Nazirliyinin internet saytında və “Tibb qəzeti”ndə yerləşdirilmişdir.