MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası Bilik Günü ilə əlaqədar virtual sərgi hazırlayıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bilik Günü ilə əlaqədar virtual və ənənəvi kitab sərgisi təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “15 Sentyabr-Bilik Günü” adlı virtual sərgidə Azərbaycanda bu günün təsis edilməsinin tarixi haqqında məlumat, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin şərəfli müəllimlik peşəsi haqqında söylədikləri dəyərli fikirlər yer alır. Virtual sərgidə Şanlı Zəfər tarixindən sonra işğaldan azad olunmuş ərazilərdə təhsil sisteminin canlanmasına dair məlumatlar, fotogörüntülər təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə “Azərbaycan təhsili müstəqillik illərində”, “Təhsil millətin gələcəyidir”, “Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı”, “Azərbaycan təhsilinin inkişaf strategiyası”, “Dərslik siyasəti: köhnə və təzə problemlər” kimi 15-dən çox kitabın və dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilir.
Kitabxanada “15 Sentyabr-Bilik Günü” münasibətilə təşkil edilən kitab sərgisində müxtəlif elm sahələrinə dair kitablar, dərsliklər, ensiklopediyalar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Bilik Günü” adlı məlumat bülleteni sərgilənməkdədir.
Sözügedən materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/15-sentyabr-bilik-gunu yerləşdirilib.