MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanasında 26 avqust – Laçın şəhəri günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Bakı, 25 avqust, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 avqust - Laçın şəhəri günü elan olunması ilə bağlı silsilə materiallar, virtual kitab sərgisi, videomaterial, internet resursları bazası hazırlanıb.
AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Laçın rayonunun yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları, tarixi-mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, sonradan Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Laçın rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib.
Hazırlanan materiallarla bu linklər https://ryl.az/multimedia/biz-geldik-lacin, https://ryl.az/multimedia/26-avqust-lacin-seher-gunu vasitəsilə tanış olmaq olar.
Materiallarda, həmçinin Laçın rayonunda aparılan yenidənqurma işləri, yüzlərlə laçınlıların öz doğma torpaqlarına qayıtmalarına dair görüntülər təqdim edilir.
Qeyd edək ki, “Laçın şəhəri günü” adlı virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Öz doğmalarını gözləyən şəhər - Laçına böyük qayıdış” adlı görüntülər, “Laçın həsrətim”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın antologiyası”, “Laçın rayonu və onun toponimiyası”, “Laçın qaya, Çal yadıma düşəndə”, “Müharibə və tarixi-mədəniyyət abidələrimiz”, “Qarabağ vətəndir” kimi 20-dən çox kitabın, “Ay Laçın, can Laçın!”, “Belə məkan idi mənim Laçınım” kimi dövri mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.