Respublika Qadınlar Cəmiyyətinin sədr müavini: Ağdamda yenə də öz firavan həyatımızı quracağıq
Ağdam, 17 avqust, A.Yavərzadə, AZƏRTAC
Mən bu viran qoyulmuş torpağın, Ağdamın sakiniyəm. 1993-cü ildən bu torpağımıza həsrət idim, ayaqlarım bu yerlərə dəymirdi. İndi sevincimi, hisslərimi heç cür izah edə bilmirəm. Mənim valideynlərim bu torpağın həsrəti ilə həyata gözlərini yumdular. Bu gün Ağdam Cümə məscidinin önündən torpaq götürüb, onların məzarlarına aparıb səpəcəyəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında avqustun 17-də Ağdamda səfərdə olan Respublika Qadınlar Cəmiyyətinin sədr müavini Vəfa Abbasova söyləyib.
O deyib: “Prezidentimizə, müzəffər Ordumuza, qəhrəman oğlanlarımıza bu həsrətə son qoyduqları üçün təşəkkürümü bildirirəm. Ağdam Cümə məscidini ziyarət etmək mənim ən böyük arzularımdan biri idi. Bu gün mən Ağdamı yox, vandallar tərəfindən dağıdılmış, viran qalmış torpaqları gördüm. Bu cinayət insanlığa sığmır. Həmişə Məhərrəmlik ayında bu məscidə çoxlu insan yığışardı. Amma indi görürük ki, erməni vandalları burada heyvan saxlayıblar. Hansı dində var ki, digər dinə belə hörmətsiz yanaşasan? Düşmənin mənsub olduğu xristianlıqda da belə bir şey yoxdur. Bu, bir daha göstərir ki, ermənilərin nə dini var, nə də insanlığı”.
Vəfa Abbasova əminliyini bildirib ki, Ağdamda aparılan yenidənqurma işləri tezliklə başa çatacaq. “Biz Ağdamda yenə də öz firavan həyatımızı quracağıq. Arzu edirəm ki, buraya qayıdaraq psixoloq fəaliyyətimi davam etdirim. Bu, qürurverici hissdir. Mən bütün şəhidlərimizin anaları qarşısında baş əyirəm, bütün qazilərimizə cansağlığı arzu edirəm. Qarabağ Azərbaycandır!”, - deyə o vurğulayıb.