RESPUBLİKA SƏHİYYƏ NAZİRLİYİNİN MƏLUMATI
Azərbaycan Prezidenti Heydər Əliyevin tapşırığı və tövsiyyələri əsasında respublikamızda səhiyyə sahəsində bir sıra genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu ilin avqust ayının 1-dən 31-dək respublikanın şəhər, qəsəbə və digər yaşayış məntəqələrində keçirilən sanitariya təmizliyi və abadlaşdırma aylığına yekun vurulmuşdur.
Bu təşəbbüs respublika ictimaiyyəti, yerli idarəetmə orqanları, nazirliklər, komitələr, təsərrüfat subyektləri tərəfindən rəğbətlə qarşılanmış və genişmiqyaslı abadlıq işləri həyata keçirilmişdir.
Belə ki, aylıq ərzində respublikanın şəhər və rayonlarında 64 kilometr su kəməri, təxminən 15 kilometr kanalizasiya xətləri dəyişdirilmiş, su və kanalizasiya şəbəkələrində baş vermiş 3 minə yaxın qəza aradan qaldırılmışdır. Bundan əlavə, 840 qeyri-qanuni zibillik ləğv edilərək, zibil qutuları üçün 306 betonlaşdırılmış meydança tikilmiş və 2517 yeni zibil qutusu və konteynerləri quraşdırılmışdır.
Abşeron çimərliklərinin ərazilərində abadlıq və təmizlik işlərinin aparılması nəticəsində 4 min kubmetr zibil yığışdırılmış, Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə Mərdəkan-Şüvəlan kanalizasiya xəttində və təmizləyici qurğularında da təmir işləri başa çatdırılmışdır.
Aylıqda respublikanın tibb ictimaiyyəti də səfərbər şəkildə fədakarlıqla iştirak etmişdir. Bütün tibb müəssisələrinin həyatyanı və ətraf əraziləri təmizlənərək abadlaşdırılmış, binalarda cari və kosmetik təmir işləri aparılmış, səliqə-səhman yaradılmışdır.
Kütləvi informasiya vasitələri, xüsusən Azərbaycan Dövlət Televiziyası aylığın gedişini daim işıqlandıraraq respublika ictimaiyyətinin keçirilən bu tədbirə səfərbər edilməsində əhəmiyyətli kömək göstərmişdir.
Səhiyyə Nazirliyi keçirilmiş genişmiqyaslı tədbirdə yaxından iştirakına görə yerli idarəetmə orqanlarına, nazirliklərə, komitələrə, təsərrüfat subyektlərinə və ümumən respublika əhalisinə öz dərin minnətdarlığını bildirir.