Respublika Veteranları Təşkilatında Zəfər Günü münasibətilə tədbir keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında təntənəli bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İkinci Dünya, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları, o cümlədən əmək veteranları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova bu tarixi gün münasibətilə tədbir iştirakçılarını, o cümlədən Azərbaycan xalqını təbrik edib, Prezident, Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna minnətdarlığını bildirib. Təşkilat sədri bu tarixi Qələbəyə görə xalqımızın Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını itirən şəhidlərə, qazilərə borclu olduğunu vurğulayıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, bu günün Azərbaycanın dövlətçilik tarixində müstəsna yerə sahib olduğunu bildirib. C.Xəlilov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi əzm və cəsarət erməni faşizminin ağır məğlubiyyətə uğraması, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə başa çatıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirdiyini vurğulayan sədr müavini Prezident İlham Əliyevin bu quruculuğun əsas memarı olduğunu bildirib.
Sonra Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib.
Daha sonra tədbir bayram süfrəsi arxasında davam edib.