Respublikanın vəkil qurumlarında vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-da “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təşkil olunmuş silsilə tədbirlər çərçivəsində respublika ərazisində fəaliyyət göstərən vəkil qurumlarında “Açıq qapı" günü keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, Bakıda “Pro Bono” və “De Fendo” vəkil bürolarında aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib. Vətəndaşlar bu aksiyalarda fəal iştirak edib, ümumilikdə 50 nəfərdən çox şəxs ödənişsiz hüquqi yardımdan yararlanıb.
Bilgəhdə yerləşən Ahıl Şəxslərin Sosial Reabilitasiya və Bərpa Mərkəzində isə “Universal” Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara hüquqi məsələlərlə bağlı məsləhətlər verilib.
Tədbirlər çərçivəsində Gəncə, Şəki və Şirvan Regional Vəkil büroları tərəfindən həmin bölgələrdə yaşayan 40-dan çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.
Həmçinin Vəkillər Kollegiyasının “Qadın Vəkillər Alyansı”nın 10 üzvü Naxçıvan Muxtar Respublikasına səfər edərək, orada 20-dən çox aztəminatlı şəxsə ödənişsiz hüquqi məsləhətlər verib, müvafiq yazılı sənədlər tərtib olunub.
Müraciətlərin əksəriyyəti mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, veteran adı, pensiya, əlillik, vərəsəlik, torpaq mübahisələri, ailə münasibətləri və s. ilə bağlı olub.