RETROSPEKTİV NÜMAYİŞ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ K.ZANUSSİNİN FİLMİ GÖSTƏRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 4-də Azərbaycan Kinematoqrafçılar İttifaqının salonunda X Beynəlxalq Bakı Kinofestivalı çərçivəsində Polşa kinematoqrafçısı, bir çox beynəlxalq mükafatların laureatı Kşiştof Zanussinin “Var qüvvə ilə” filmi nümayiş etdirilmişdir.
“Kşiştof Zanussinin filmlərinin retrospektivi” proqramı şərçivəsində nümayiş etdirilən filmdə Polşada dərin köklər buraxmış kommunist rejimi dövründən söhbət açılır. Bir dəfə Stalinin abidəsi önündə fəxri qarovulda dayanan məktəbli Yubert nədənsə gülür. Onun xalası yüksək vəzifəli kommunist məmuruna müraciət etməsəydi, oğlanın başı çox bəlalar çəkəcəkdi. Yaşlıların konformizmi, “ideoloji cəhətdən mətin” adamların prinsipsizliyi oğlanı həyata başqa cür baxmağa vadar edir.
Filmdə Maya Komorovska, Bertoş Obuçoviç, Karolina Vayda və başqaları çəkilmişlər.