Rəvan Həsənov: Dini təhsil modellərinin müasirləşdirilməsi Azərbaycan cəmiyyəti üçün vacib amildir
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycanda dini təhsil uzun illər boyu İslam dəyərləri çərçivəsində formalaşıb və daha sonra cəmiyyətin sosial, siyasi, iqtisadi inkişafına uyğun olaraq modernləşdirilib. Lakin bu gün dünyada baş verən qloballaşma prosesi və yeni çağırışlar dini təhsilin təkmilləşdirilməsi, həmçinin cəmiyyətin müxtəlif seqmentlərinin ehtiyaclarına uyğunlaşdırılması zərurətini yaradır. Bu gün təhsilin həm ənənələrə, həm də müasir qlobal tendensiyalara uyğun yenidən təşkili vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov oktyabrın 16-da “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransda çıxışı zamanı söyləyib.
O çıxışında cəmiyyətin və təhsilin qarşısında duran müasir çağırışlara dair vacib fikirlər səsləndirib. Xüsusilə cəmiyyətin dini və təhsil aspektlərinin qarşılıqlı əlaqəsini vurğulayan R.Həsənov bunların yalnız ənənəvi dəyərlərə deyil, həm də qloballaşma və ictimai tendensiyalara cavab verəcək formada qurulmasının zəruriliyini qeyd edib.
“Müharibə, münaqişə və digər qlobal problemlər insanları dini təhsil və dəyərlər əsasında cəmiyyətə inteqrasiya olunmağa, həmçinin dini harmoniyanı qorumağa çağırır. Azərbaycanda dini təhsil sistemi ölkənin müxtəlif dini icmalarının hüquqlarını qorumaq və bu icmaların cəmiyyətlə qarşılıqlı əlaqəsini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir. İslam təhsili cəmiyyətin hər bir üzvünə yüksək dəyərlər aşılayaraq, həm fərdi inkişafı, həm də ictimai inteqrasiyanı təmin etməlidir. Bu kontekstdə dini təhsil modellərinin müasirləşdirilməsi Azərbaycan cəmiyyətinin inkişafı üçün vacib amildir. Ənənəvi dəyərlər və dini təlimlər qlobal çağırışlarla uzlaşdırılaraq, cəmiyyətin hər bir üzvünə xoşməramlılıq, əməkdaşlıq və birgəyaşayış prinsiplərini öyrətməli və tətbiq etməlidir”, - deyə icraçı direktor bildirib.