RF XİN-DƏ HESAB EDİRLƏR Kİ, AZƏRBAYCAN CƏNUBİ QAFQAZDA RUSİYANIN MÜHÜM TƏRƏFDAŞIDIR
A.Yakovenkonun sözlərinə görə, beynəlxalq terrorizmə qarşı mübarizədə dünya birliyinin səylərinin sıx birləşdirilməsinin zəruriliyi barəsində Rusiyanın və Azərbaycanın ümumi mövqeyi nəzərə alınmaqla onların qarşılıqlı antiterror fəaliyyətinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. O qeyd etmişdir ki, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın səmərəliliyinin yüksəldilməsinə, əmtəə dövriyyəsinin artırılmasına, yanacaq-energetika kompleksində, maşınqayırmada, nəqliyyatda, RF subyektlərinin Azərbaycanla əməkdaşlığının inkişafı sahəsində qarşılıqlı fəaliyyətə mühüm yer ayrılır.
RF XİN-in rəsmi nümayəndəsi həmçinin bildirmişdir ki, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması problemi müzakirə olunur. “Rusiya müxtəlif səviyyələrdə Azərbaycan-Ermənistan dialoqunun davam etdirilməsini alqışlayır. Hesab edirik ki, münaqişə iştirakçılarının özləri münaqişənin qarşılıqlı surətdə məqbul həllini tapmalıdırlar. Rusiya isə istər ikitərəfli əsasda, istərsə də ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu işdə onlara ən fəal yardım göstərməyə və əldə edilmiş razılaşmanın təminatçısı olmağa hazırdır”.
A.Yakovenko həmçinin Ümumrusiya Azərbaycan Konqresinini ikinci qurultayının keçirilməsi məsələsinə toxunmuşdur. O bildirmişdir ki, bu, Rusiya Federasiyasında yaşayan azərbaycanlıları birləşdirən kütləvi və Ümumrusiya ictimai təşkilatıdır. “Ölkəmizdə Azərbaycan diasporu Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır”.