RİÇARD ARMİTAC: HEYDƏR ƏLİYEV HƏYATIN ÖZÜNDƏN BÖYÜK BİR İNSAN İDİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dünya miqyaslı siyasətçi və beynəlxalq aləmdə ən parlaq liderlərdən biri kimi tanınan Heydər Əliyevlə vidalaşmaq üçün müxtəlif dövlətlərin yüksək rütbəli təmsilçiləri, ABŞ –ın dövlət strukturlarının nümayəndələri və Azərbaycan diasporunun üzvləri Matəm kitabına kədərli ürək sözlərini yazırlar.
Nyu-Yorkda, BMT Baş Məclisinin geniş iclasına sədrlik edən Xulian Hante gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl Baş Məclisin bütün üzvləri adından Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə bağlı Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı vermişdir.
Səmimi sözlərinə görə sədrə təşəkkürünü bildirən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Yaşar Əliyev demişdir ki, böyük dövlət xadimi, xalqının ümummilli lideri olan Prezident Heydər Əliyevin vəfatı millətimiz üçün ağır itkidir. Azərbaycan bütün həyatını xalqına və ölkəsinə xidmətə, dünyanın bütün millətləri arasında sülh və anlaşmanın möhkəmlənməsinə həsr edən görkəmli oğlunu itirmişdir.
ABŞ dövlət katibinin birinci müavini Riçard Armitac Azərbaycanın Vaşinqtondakı səfirliyinə gələrək, Prezident Heydər Əliyevin vəfatı ilə bağlı başsağlığı vermişdir. O, Matəm kitabına ürək sözlərini yazdıqdan sonra AZƏRTAC-ın müxbirinə demişdir.
- Dövlət katibi Kolin Pauell və ABŞ Dövlət Departamentindəki bütün həmkarlarım bu gün mənə qoşularaq, Heydər Əliyevin ailəsinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirlər. Bizim üçün o, həyatın özündən böyük bir insan idi. Məncə, dünya onun yoxluğundan bir qədər balacalaşmışdır. Biz Tanrının rəhmli və xeyirxah olduğuna inanırıq. Əminik ki, o, sonsuzadək Heydər Əliyevə rəhmli olacaqdır. Bilirik ki, millətiniz Heydər Əliyevin oğlu İlham Əliyevin rəhbərliyi altında bu ağır itkiyə tab gətirə biləcəkdir. Mənim xalqım Sizi tamamilə dəstəkləyəcəkdir”.