RİXARD ZORGE ÖLÜMÜNÜ TƏMKİNLƏ QARŞILAMIŞDIR
Zorgenin gördüyü işləri İkinci Dünya müharibəsi ərəfəsində və müharibə illərində Yaponiyada işləmiş heç bir əcnəbi agent görə bilməmişdir. Səkkiz il ərzində o, Tokioda məxfi məlumatlar əldə etmişdir. Onu Yaponiyaya Komintern (Kommunist Beynəlmiləli - Beynəlxalq inqilabi proletariat təşkilatı) göndərmişdi. Burada Zorge alman səfiri, general Yugen Ottonun köməkçisi işləyirdi. 1935-ci ildə o, Kremldən Yaponiyanın SSRİ-yə hücum etməyə qadir olub-olmadığını öyrənmək tapşırığı almışdır. Onun radisti hələ Şanxayda fəaliyyət zamanı tanıdığı Maks Klauzen idi. Klauzenin istifadə etdiyi şifri nə yapon, nə də alman mütəxəssisləri aça bilmişdir. Zorge şifrə açar üçün reyxin illik statistik məlumatından istifadə edirdi ki, bu da ona şifrləri hədsiz olaraq dəyişdirməyə imkan verirdi.
Nasistlərin müdaxilə qüvvələrinin tərkibi haqqında məlumatı, SSRİ-yə hücumun vaxtını və vermaxtın hərbi planının ümumi sxemini Moskvaya məhz Zorge birincilər sırasında bildirmişdi. Lakin bu məlumatlar çox müfəssəl olduğuna, üstəlik, Hitlerin SSRİ-yə hücum etməyəcəyinə Stalinin əminliyi ilə uyğun gəlmədiyinə görə, onlara əhəmiyyət vermir, hətta düşünürdülər ki, Zorge iki tərəfə işləyən agentdir.
Bundan sonra Moskva ilə Zorgenin münasibətləri tədricən korlanmağa başladı. Rezidentin davranışının sərbəstliyi, müstəqil həyat tərzi və məxfilik qaydalarına etinasızlığı Kremli qane etmirdi. Məsələn, o, öz agentlərini, demək olar, yoxlamır və Mərkəzin təkidli xəbərdarlıqlarına baxmayaraq, məxfi sənədləri yandırmağı unudurdu.
1941-ci ilin oktyabrında Yaponiya kəşfiyyatının agentləri onun əməkdaşlarından birini, Zorgenin agenti Hodzumi Odzakini Kommunist Partiyasının üzvü olmaqda şübhəli bilərək həbs etdilər. O, dindirilərkən şefin digər tanışları sırasında rəssam Miyaginin də adını çəkmişdir. Miyaginin evində axtarış zamanı onu ifşa edən bir sıra materiallar tapılmışdır. Bundan sonra bütün qrup, o cümlədən Zorgenin özü həbs olunmuşdur. Bu, 1941-ci il oktyabrın 17-də baş vermişdir. Üç ildən sonra Rixard Zorge edam edildi.
Xatırladaq ki, Rixard Zorge Bakıda doğulmuşdur.