Rostropoviçlərin ev-muzeyində Sergey Raxmaninova həsr edilən konsert proqramı təqdim edilib
Bakı, 18 dekabr, AZƏRTAC
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində məşhur rus bəstəkarı və pianoçu Sergey Raxmaninovun 145 illiyi münasibətilə fortepiano və violonçel əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, gecəni Əməkdar mədəniyyət işçisi, ev-muzeyinin direktoru Şeyla Heydərova açaraq bəstəkarın ömür yolundan və zəngin yaradıcılığından danışıb.
Musiqili gecədə Əməkdar artist, violonçel ifaçısı A.Miltıx, beynəlxalq müsabiqələr laureatı S.Tağızadə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak ediblər. Konsertdə S.V.Raxmaninovun “Vokaliz”, “Violonçel üçün Sonata”, “Elegiya”, “Musiqili an”, “Etüd-Lövhə op.39”, “3 Prelüd” əsərləri ifa olunub.
Tədbirdə, həmçinin S.V.Raxmaninovun həyat və yaradıcılığına həsr olunmuş sənədli filmlərdən fraqmentlər, mövzu ilə əlaqədar nadir şəkillər əsasında hazırlanmış slayd-şou təqdim edilib.
Qeyd edək ki, muzeyin fondunda S.Raxmaninova aid unikal materiallar - XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid notlar, “The originals”, “SONY” firmasına aid unikal CD-lər, kitab və fotomateriallar yer alır.