Rotterdam Azərbaycanla bir çox sahələrdə əməkdaşlıqda maraqlıdır
Bakı, 21 noyabr (AZƏRTAC). Niderland Azərbaycandan neft idxalını artırmaq niyyətindədir. Hazırda Azərbaycandan Rotterdama ildə 2 milyon ton neft gətirilir. Bu da limana daşınan neftin 2 faizini təşkil edir. Bakı və Rotterdam limanları arasında əməkdaşlıq o qədər də geniş deyildir. Azərbaycana gəlişimizin məqsədlərindən biri də bu iki şəhərin limanları arasında əməkdaşlığı genişləndirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Niderland Krallığının Rotterdam şəhərinin meri Əhməd Əbutalib Bakıda keçirilmiş Azərbaycan-Niderland biznes forumunda söyləmişdir.
Merin sözlərinə görə, Rotterdam limanı vaxtilə dünyanın ən böyük limanı olmuşdur. İndi isə Qərbi Avropada ən böyük və geniş limandır. Bu şəhəri Avropaya açılan bir qapı kimi də qiymətləndirmək olar. Bu qapıdan neft və qaz məhsulları ilə bərabər, ərzaq malları, meyvə-tərəvəz ötürmək mümkündür.
Ə.Əbutalib daha sonra demişdir: “Neft-qaz sektorundan başqa digər sahələr üzrə, o cümlədən su təsərrüfatının idarə olunması, aqrar sektor və tələbə mübadiləsi ilə bağlı da əməkdaşlıq imkanları nəzərdən keçirilir. Rotterdamda iqtisadiyyat və tibb sahəsi üzrə güclü universitetlər vardır. Biz bu istiqamətdə də əməkdaşlıq edə bilərik”.