Rotterdam Konvensiyasının öhdəliklərinin effektiv icrası ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə “Təhlükəli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası” üzrə aidiyyəti məsul şəxslər arasında onlayn görüş keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində Konvensiyanın əsas müddəaları və mexanizmləri, xüsusilə əvvəlcədən əsaslandırılmış razılıq (Prior Informed Consent - PIC) proseduru barədə təqdimat edilib. Eyni zamanda, ölkəmizdə pestisidlərin qeydiyyatı, dövriyyəsinə nəzarət, 238 adda qadağan edilmiş və məhdudlaşdırılmış pestisidlərə dair təsiredici maddələrin siyahısının təsdiqi, eləcə də idxal-ixrac əməliyyatlarının tənzimlənməsi sahəsində tətbiq olunan yanaşmalar barədə məlumat verilib.
Görüş zamanı Konvensiyanın öhdəliklərinin effektiv icrası, institusional mexanizmlərin formalaşdırılması və aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin təşkili məsələləri müzakirə olunub.