Rotterdamda Vətən müharibəsində Qələbəmizin ildönümü münasibətilə Zəfər bayramı qeyd edilib
Rotterdam, 1 noyabr, AZƏRTAC
Niderland Krallığının Rotterdam şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə keçirilən təbirdə ölkəmizin Niderland Krallığındakı səfiri Fikrət Axundov, səfirliyin əməkdaşları, Azərbaycan və türk diasporlarının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbir 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra Bakı Media Mərkəzinin hazırladığı “BİZ” filmi nümayiş olunub.
Daha sonra çıxış edən BAK-ın sədri Elsevər Məmmədov və səfir Fikrət Axundov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun rəşadətindən söz açıblar. Qəhrəman Azərbaycan oğullarının xatirəsi ehtiramla yad edilib, onların göstərdiyi şücaətlər xatırlanıb.
Bildirilib ki, bu günlərdə xalqımız, bütün azərbaycanlılar bayram içindədir. Torpaqlarımızın azad olunması hər bir azərbaycanlının başını uca edib, qürurunu qaytarıb. Bizlərə bu anları yaşadan şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq. Qələbəmiz uğrunda canlarından keçmiş şəhid və qazilərimiz hər zaman ehtiramla anılacaq. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı!
Tədbirdə 44 günlük Vətən müharibəsi və müharibədən sonra diaspor fəaliyyətində xüsusi xidmətləri olan diaspor üzvlərinə 8 Noyabr - Zəfər Günü münasibətilə təltiflər təqdim olunub.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam