RUM PATRİARXI I VARFOLOMEY NƏRİMANOV RAYONUNDA MƏSKUNLAŞMIŞ QAÇQINLARLA GÖRÜŞMÜŞDÜR
Azərbaycanda rəsmi səfərdə olan Rum Patriarxı I Varfolomey aprelin 18-də Nərimanov rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüşdür.
Respublika Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev Ermənistanın təcavüzü nəticəsində Xocalı, Zəngilan, Qubadlı, Cəbrayıl və digər rayonlardan olan 210 ailədən ibarət 727 nəfər qaçqın və məcburi köçkünün burada məskunlaşdığını, dözülməz şəraitdə yaşadığını, buna görə də xəstə uşaqların doğulduğunu və onların müalicəsinin problemə çevrildiyini hörmətli qonağın diqqətinə çatdırdı.
Azərbaycanlı qaçqın və məcburi köçkünlərin ağır vəziyyətindən sarsılan Rum Patriarxı I Varfolomey onlarla səmimi söhbət apardı, bəzi ailələrdəki xəstə uşaqlara yardım etdi. Qonaq xəstələrə şəfa dilədi, qaçqın və məcburi köçkünlərə tezliklə doğma yurd-yuvalarına qayıtmaları üçün Yaradana dua edəcəyini bildirdi. XXI əsrdə insanların belə ağır şəraitdə yaşamalarının dözülməz olduğunu vurğulayan I Varfolomey dünya ictimaiyyətinin bu cür faktlara biganə qalmalarından təəssüfləndiyini bildirdi.
Sonra qonaq Nərimanov rayonundakı 6 nömrəli uşaq klinik xəstəxanasına baş çəkdi. Xəstəxananın baş həkimi Rumiyyə Soltanova müalicə ocağının vəziyyəti, uşaqların ən çox əziyyət çəkdikləri xəstəliklər, onların müalicəsi ilə bağlı görülən işlər barədə qonağa məlumat verdi. Palataları gəzən I Varfolomey xəstə uşaqlara yardım göstərdi, onların tez sağalmaları üçün Allaha dua etdi.
Qaçqınlara və xəstə uşaqlara baş çəkdikdən sonra qonaq şəhərin mərkəzinə gəldi, Bakının görməli yerləri və qədim İçərişəhərlə tanış oldu.
Bununla da Rum Patriarxı I Varfolomeyin Azərbaycana səfəri başa çatmışdır. Vətənə qayıdarkən Binə hava limanında səfər təəssüratlarını jurnalistlərlə bölüşən I Varfolomey demişdir: “Azərbaycanı daha çox sevdim. Bu ölkənin rifahı və xoşbəxtliyi üçün hər zaman dua edəcəyəm. İnşaallah, inanıram ki, Azərbaycana bu ziyarətim sonuncu olmayacaqdır. Qəlbimin bir parçasını burada qoyub gedirəm. Allah hamınıza yar olsun”.
Foto İlqar Cəfərovundur