RUSİYA DÖVLƏT DUMASININ ABXAZİYA VƏ CƏNUBİ OSETİYA HAQQINDA BƏYANATLARI GÜRCÜSTANDA ÇOX KƏSKİN QARŞILANMIŞDIR
Deputatlar bu bəyanatların mətnlərini ətraflı müzakirə etmiş, parlamentin sədri N.Burcanadze Prezident M.Saakaşvili ilə məsləhətləşmələr aparmışdır. N.Burcanadze Dövlət Dumasının bəyanatlarını Rusiya tərəfindən növbəti fitnəkarlıq saymış və Gürcüstanın Avropaya doğru götürdüyü istiqamətdən dönməyəcəyini, heç bir qüvvənin ölkənin Avratlantika məkanına qovuşmasını dayandıra bilməyəcəyini vurğulamışdır.
Parlamentin büro iclasında Rusiya Dövlət Dumasının bəyanatlarının müzakirəsindən sonra Avropaya inteqrasiya komitəsinin sədri David Barkadze demişdir ki, “Rusiya bu addımı ilə Gürcüstan dövlətçiliyini parçalamağa yönəldilmiş separatizmi dəstəklədiyini hamıya nümayiş etdirdi”. Parlamentin xarici əlaqələr komitəsinin sədri Konstantin Qabaşvili Rusiyanın bu hərəkətini əxlaq normalarına zidd saymışdır.
Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili hadisəni çox da dramatikləşdirməməyi məsləhət görmüşdür.
Dekabrın 7-də “Gürcüstan parlamentinin beynəlxalq təşkilatlara, parlament assambleyalarına və dost ölkələrin parlamentlərinə müraciəti” qəbul olunmuşdur.