RUSİYA HƏRBİ GƏMİLƏRİ BAKI BUXTASINDA
Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi - “Məhəmməd Hacıyev” baza tral gəmisi və hidroqrafiya gəmisi sentyabrın 5-də Bakı buxtasında lövbər salmışdır. Rusiya dənizçiləri buraya azərbaycanlı həmkarlarının dəvətilə dördgünlük qeyri-rəsmi səfərə gəlmişlər.
Rusiyanın Xəzər donanmasının komandanı vitse-admiral Vladimir Masorin demişdir: “Biz Bakıya səfərimizi ölkələrimizin bir ay bundan əvvəl Xəzərdə birgə təlimlərdə iştirak etmiş hərbi dəniz qüvvələrinin əməkdaşlığını möhkəmləndirməyə yönəldilmiş dostluq səfəri kimi qiymətləndiririk”. O bildirmişdir ki, Rusiya Xəzər donanmasının zabitləri sabiq Qırmızı Bayraq ordenli Xəzər donanmasında (QBXD) xidmət keçdikləri vaxtları xoş təəssüratla xatırlayırlar. Sovet hakimiyyəti illərində o donanmanın qərargahı Bakıda yerləşirdi.
Rusiya dənizçiləri 1990-cı il yanvarın 15-də baş vermiş təbii fəlakət - Xəzərin sahilində, donanmanın bazasının yerləşdiyi sahədə sürüşmə nəticəsində faciəli surətdə həlak olmuş keçmiş QBXD hərbi qulluqçularının abidəsi önünə əklil qoymuşlar. Onlar Şəhidlər xiyabanını da ziyarət etmiş, Bakıda 1990-cı il yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Vitse-admiral V.Masorin Azərbaycanın Xəzər donanması komandanlığının qərargahında donanmanın komandanı Şahin Sultanovla görüşmüşdür. Görüşdə Xəzərdə iki donanma arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Bu mövzu Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşdə də davam etdirilmişdir.
Rusiya Hərbi Dəniz Donanması gəmilərinin Bakıya səfəri proqramında Azərbaycan paytaxtının tarixi və görməli yerləri ilə tanışlığa mühüm yer ayrılmışdır. Donanmaların futbol komandaları arasında görüş də nəzərdə tutulmuşdur.
Xatırladaq ki, Rusiya hərbi gəmiləri Bakı buxtasında olduğu müddətdə arzu edənlər xüsusi katerlərlə gedib gəmilərlə tanış ola bilərlər.