RUSİYA PARLAMENTARİZMİNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ FOTOSƏRGİ AÇILMIŞDIR
Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov çıxışında bildirdi ki. 30-dək fotosənədin və şəklin təqdim olunduğu sərgi Rusiya tarixində çox mühüm hadisəyə - Dövlət Dumasının təsis olunması haqqında 1905-ci il Manifestinin imzalanmasının 100 illiyinə həsr edilmişdir.
Diplomat Rusiya parlamentinin tarixi barədə qısa məlumat verərək dedi:
- Rusiyada, demək olar, Azərbaycan parlamentarizmi də formalaşmışdır. Birinci Dövlət Dumasının Azərbaycanı beş deputat təmsil edirdi. Onlardan biri – Əlimərdanbəy Topçubaşov Dumada Rusiya müsəlmanları fraksiyasının rəhbəri idi. Dördüncü Dövlət Dumasında 1917-ci ilədək Azərbaycanı Məmməd Yusif Cəfərov təmsil etmişdir. Onların hər ikisi Rusiya universitetlərinin hüquq fakültəsini bitirmişdilər.
“Kitab” Respublika Cəmiyyətinin sədri, Miniatür kitab muzeyinin direktoru Zərifə Salahovanın fikrincə, Rusiyada Dövlət Dumasının yaradılması Azərbaycan xalqının öz müstəqilliyi uğrunda mübarizəsi tarixində də böyük rol oynamışdır. Belə ki, Azərbaycan deputatlarının topladıqları təcrübə onlara mütərəqqi cəmiyyətin səylərini birləşdirməyə və Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa, müstəqil dövlət qurmağa başlamaq imkanı vermişdir. Təsadüfi deyildi ki, Xalq Cümhuriyyətinin parlamentinin sədri Əlimərdanbəy Topçobaşov vaxtilə müsəlman deputatların bütün Dövlət Dumalarının müzakirəsinə verdikləri proqram sənədlərinin və qanun layihələrinin müəllifi olmuşdur.
Z.Salahova “Kitab” Cəmiyyətinin Milli Məclislə birlikdə nəşr etdirdiyi “Azərbaycan deputatları Rusiya Dövlət Dumasında” miniatür kitabını səfir V.İstratova hədiyyə etdi.
Sərgi oktyabrın 6-dək davam edəcəkdir.