RUSİYA YAXIN ŞƏRQDƏ ATƏŞİN DƏRHAL DAYANDIRILMASINI TƏLƏB ETMİŞDİR
Sənəddə deyilir: “Biz atəşin dərhal dayandırılmasını qətiyyətlə tələb edirik. Bu tələbi beynəlxalq birlik üzvlərinin əksəriyyəti dəstəkləyir”. Bildirilir ki, Rusiya bütün beynəlxalq və regional tərəfdaşları ilə əlaqə saxlamaqla, bu məqsədə çatmaq naminə BMT-nin Təhlükəsizlik Şurası (TŞ) çərçivəsində böyük səylər göstərir. Belə bir ümid ifadə olunur ki, TŞ ən yaxın günlərdə regionda sülhü bərqərar etməyə imkan verəcək razılaşdırılmış qərar qəbul edəcəkdir.
Rusiya region ölkələri ilə Yaxın Şərq münaqişəsinin tənzimlənməsinə dair məsləhətləşmələrini də davam etdirir. Məsələn, bu yaxınlarda ölkənin xarici siyasət idarəsində İranın, Böyük Britaniya və Şimali İrlandiyanın RF-dəki səfirləri Q.Ansari, E.Brenton, ərəb ölkələrinin səfirləri ilə məsləhətləşmələr olmuşdur. Görüşdə qan tökülməsinin tezliklə dayandırılması naminə əlaqədar tərəflərin səylərinin fəallaşdırılması zərurətindən danışılmışdır.
İsrailin Moskvadakı səfiri Arkadi Mil-Man mətbuat konfransında bildirmişdir ki, onun ölkəsi “Hizbullah” hərəkatı tamamilə məhv edilməyincə yaxın zamanda Livanda hərbi əməliyyatları dayandırmaq niyyətində deyildir.