RUSİYALI GƏNCLƏR AZƏRBAYCANA SƏFƏR EDƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) mətbuat xidmətinə istinadla xəbər verir ki, təşkilatın təşəbbüsü ilə iyulun 15-dən 22-dək respublikamızda “Azərbaycan sivilizasiyaların qovuşuğunda” mövzusunda yay seminarı keçiriləcəkdir.
Lideri Leyla Əliyeva olan bu təşkilatın məqsədi Azərbaycan və Rusiya arasında əlaqələri gücləndirmək və möhkəmlətmək, iki ölkənin gənclərini bir-birinə yaxınlaşdırmaq, tələbələr arasında daha sıx əlaqələr qurmaq, dostluq münasibətlərini inkişaf etdirməkdir.
Seminarda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin), RF XİN Diplomatiya Akademiyasının, M.V.Lomonosov adına MDU-nun, Moskva Maliyyə-Hüquq Akademiyasının və Rusiyanın digər aparıcı ali məktəblərinin tələbələri iştirak edəcəklər. Rusiyalı tələbələr Azərbaycan İdman və Gənclər Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Diplomatik Akademiyasının rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının nümayəndələri və gənclər hərəkatının liderləri ilə də görüşəcəklər.
Azərbaycan tərəfdən seminarda tanınmış politoloqlar, akademik dairələrin nümayəndələri, Azərbaycan tarixi üzrə mütəxəssislər iştirak edəcəklər. Rusiyalı tələbələri “dəyirmi masa” ətrafında görüşlər və konfranslar da gözləyir.
Təşkilatın mətbuat xidmətindən onu da bildirmişlər ki, həmin görüşlərdə müstəqil Azərbaycanın siyasi və sosial-iqtisadi inkişafı məsələlərini və dövlətimizin xarici siyasətinin əsas istiqamətlərini geniş işıqlandırmaq, müasir Azərbaycan Respublikasının Şərq və Qərb arasında sivilizasiya körpüsü rolunu geniş şəkildə izah etmək nəzərdə tutulur.
Rusiyalı gənclər üçün Azərbaycanın tarix və mədəniyyət baxımından maraq doğuran Qobustan, Gəncə və Şəki regionlarına səfərlər də nəzərdə tutulur. Mətbuat xidmətində xüsusi vurğulamışlar ki, bu qəbildən olan tədbirlər iki ölkənin gənclərini daha da yaxınlaşdırmağa, ünsiyyət sərhədlərini genişləndirməyə və iki dost xalqın dialoqunu təmin etməyə imkan verəcəkdir.