RÜSTƏM İBRAHİMBƏYOV YENİDƏN KİNEMATOQRAFÇILAR İTTİFAQININ SƏDRİ SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının X yubiley qurultayında kinodramaturq, dövlət mükafatları laureatı, xalq yazıçısı, professor Rüstəm İbrahimbəyov yenidən bu yaradıcılıq təşkilatının sədri seçilmişdir.
Qurultay iştirakçıları Azərbaycanın kino sənətində parlaq iz qoymuş aktrorların - Nəsibə Zeynalova, Şahmar Ələkbərov, Əliabbas Qədirov, Həsən Turabov və başqalarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev hesabat məruzəsində görülən işlərdən danışmış, mövcud problemlərin müzakirə olunmasını təklif etmişdir. Qurultay nümayəndələri çıxışlarında ağrılı məsələlərə toxunmuş, Azərbaycan kinosunun inkişaf perspektivlərindən söhbət açmışlar.
Qurultay ölkəmizin və bu yaradıcılıq təşkilatının həyatında mühüm hadisələr ərəfəsində keçirilir. Məlum olduğu kimi, bu il Azərbaycan ictimaiyyəti milli kinomuzun 110, “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 85 və Kinematoqrafçılar İttifaqının təsis olunmasının 50 illik yubileylərini qeyd edəcəkdir.
Sonda Kinematoqrafçlar İttifaqı sədrinin seçkiləri keçirilmişdir. Rüstəm İbrahimbəyov açıq səsvermə yolu ilə 5-ci dəfə təşkilatın rəhbəri seçilmişdir.