Saatlı sakinləri pulsuz müayinə olunmuşlar
Bakı, 3 dekabr (AZƏRTAC). Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə Saatlı rayonunda pulsuz müayinə aksiyası keçirilmişdir.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müayinə aksiyası Saatlıya ezam olunmuş həkim briqadası tərəfindən aparılmışdır.
Tibb işçiləri iki gün ərzində Varxankənddə əhalini pulsuz müayinə etmişlər. Eyni zamanda, rayonun başqa kəndlərinin sakinləri də müayinə olunmuşlar.
Sağlamlıqlarında problem olanlar müalicə üçün Bakıya göndərilmişlər. Aksiyada iştirak edən sakinlər təmənnasız müayinəyə görə həkimlərə minnətdarlıqlarını bildirmişlər.