Saatlının 11 min ağaclıq intensiv alça bağında məhsul yığımına başlanılıb
Saatlı, 19 may, AZƏRTAC
Saatlı rayonunda salınan intensiv alça bağında məhsul yığımı aparılır. Mil-Muğan bölgəsində bir ilk sayılan, sahəsinin böyüklüyünə və becərilmə üsuluna görə seçilən bağın məhsulu bu il əsasən daxili bazarlarda satışa çıxarılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət tərəfindən verilən subsidiyadan istifadə olunmaqla salınan intensiv alça bağı Saatlının Qaralar kəndi ərazisində yerləşir və 14 hektar sahəni əhatə edir.
Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, 2019-cu ildə salınan bağda ilk dörd ildə yalnız aqrotexniki qulluq işləri görülüb. "Bu bağ super intensiv bağdır. Məhsul ilinə qədər bağda becərmə işləri aparılıb. 2023-cü ildə isə ilk məhsul satışı olub. Hazırda yığım davam edir və məhsul ölçülərinə uyğun olaraq çeşidlənir. Qiymətlər məhsulun ölçüsünə görə 5-10 manat arasında dəyişir”, - deyə o bildirib.
Bağın salınması həm də bölgədə məşğulluğun artırılmasına töhfə verib. Belə ki, burada hər gün təsərrüfat işlərinə 35-40 nəfər yerli sakin cəlb olunur.
Qeyd edək k, bağda Naxçıvanın göycə növü olan alça ağacları becərilib. Əkin aparılan zaman cərgə və sıra arası məsafələr də nəzərə alınıb. İntensiv alça bağında 11 min ədəd ağac yetişdirilib.
Müxbir-Aydın Yavərzadə