“SABAHA İNAMLA”
“Azərbaycan” nəşriyyatı parlamentin deputatı, professor Nizami Xudiyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs edən “Sabaha inamla” adlı kitabını nəfis şəkildə çapdan buraxmışdır.
Kitab beynəlxalq məsələlərdə böyük təcrübəyə, güclü təşkilatçılıq qabiliyyətinə malik olan İlham Əliyevin həyatının ayrı-ayrı məqamlarını əks etdirən “Xalqın İlhamı” adlı geniş yazı ilə açılır. Burada müasir dünyanın tanınmış dövlət xadimi Heydər Əliyev məktəbinin layiqli davamçısı olan İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi göstərdiyi uğurlu fəaliyyətdən, Ermənistanın işğalçı, terrorçu siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasındakı mühüm rolundan geniş bəhs edilir.
Müəllif ARDNŞ-in birinci vitse-prezidenti kimi İlham Əliyevin Azərbaycan-ABŞ strateji münasibətlərinin formalaşdırılması, Azərbaycan həqiqətlərinin mötəbər tribunalardan dünyaya bəyan edilməsi, milli dövlətçiliyimizin möhkəmləndirilməsi naminə neft diplomatiyasından uğurla istifadə edilməsi sahəsində gördüyü böyük işlərdən ətraflı söhbət açır.
Kitaba İlham Əliyevin müstəqil Azərbaycanın, onun xalqının rifahı naminə fəaliyyətini əks etdirən çoxseriyalı “Azərbaycan XX1 əsrin astanasında”, “Azərbaycan-Amerika: strateji əməkdaşlığın üfüqləri”, “Azərbaycan-Amerika: strateji münasibətlər”, “Sabaha inamla” sənədli televiziya filmlərinin ssenariləri də daxil olunmuşdur. Həmin ssenarilər uğurlu dramaturgiya forması, kompozisiya bitkinliyi, film qəhrəmanının duyğu və düşüncələrinin bədii-sənədli təcəssümü və müasir gerçəkliklərin televiziya dili ilə sənətkarlıqla əks olunması baxımından diqqəti cəlb edir.
Kitabın elmi redaktoru professor Adil Babayevdir.