“Sabah”ın futbolçusu: İnanıram ki, yenidən Polşa millisinə dəvət alacağam - MÜSAHİBƏ
Bakı, 4 dekabr, AZƏRTAC
“Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç AZƏRTAC-a müsahibə verib.
- Azərbaycan Kubokunun 1/8 final mərhələsində “İmişli” ilə qarşılaşdınız. Rəqibinizi əlavə vaxtda məğlub edərək növbəti mərhələyə vəsiqə qazandınız. Oyunun bu qədər çətin keçəcəyini gözləyirdiniz?
- Bir neçə gün əvvəl bu rəqiblə liqa oyununda da qarşılaşmışdıq. Mən deməzdim ki, bu matç həmin görüşdən daha çətin idi. Əgər qol epizodlarımızdan istifadə edə bilsəydik, matç əlavə vaxta getməzdi. Ən önəmlisi odur ki, qalib gəldik və növbəti mərhələyə yüksəldik.
- Növbəti mərhələdə "Qəbələ" - "Şəfa" matçının qalibi ilə üz-üzə gələcəksiniz. İndidən yarımfinala yüksəldiyinizi demək olar?
- Açığı, növbəti raundda hansı komanda ilə qarşılaşacağımız mənim üçün o qədər də önəmli deyil. Hər oyuna qalibiyyət üçün çıxırıq. Rəqib kim olur-olsun, növbəti mərhələdə də qələbə üçün meydana çıxacağıq.
- Bu mövsüm ölkə kuboku, yoxsa çempionatdakı nəticələrlə avrokuboklara vəsiqə qazanmaq istəyərsiniz?
- Hazırda bütün diqqətim qarşıdakı “Neftçi” ilə oyuna yönəlib. Mənim üçün ən vacib olan həmin qarşılaşmadır.
- Almaniyanın “Holştayn Kil” klubundan bir illik icarə əsasında “Sabah”a keçmisiniz. Əgər komanda sizi saxlamaq istəsə, Azərbaycanda qalmaq istəyərsiniz?
- Mən hazırda “Sabah” klubunun futbolçusuyam və bu komandanın bir hissəsi olmaqdan qürur duyuram. Gələcəkdə nə olacağını isə zaman göstərəcək. Hazırda bunun haqqında düşünmürəm.
- Zəngin futbol karyeranız var. Maraqlıdır, keçmişdə daha böyük klublara keçmək şansınız olubmu?
- Mən keçmişlə yaşamıram. Keçmiş artıq arxada qalıb. İndi yalnız hazırkı komandamın uğuru üçün çalışıram.
- Gələcəkdə Polşa millisinə tez-tez dəvət alacağınıza inanırsınız?
- Təbii ki, milli komandada çıxış etmək hər bir futbolçu üçün böyük şərəfdir. İnanıram ki, yenidən milli komandaya dəvət alacağam.