SABİQ ÇİLİ DİKTATORU DÜNYASINI DƏYİŞDİ
Pinoçetin şəxsiyyəti və ölkə tarixində rolu barədə fikir ayrılıqları Çili cəmiyyətində hələ də qalmaqdadır. Çili vətəndaşlarının əksəriyyəti onu hərbi çevriliş etmiş və ölkə tarixində ən ağır dövrün - çoxillik diktaturanın bünövrəsini qoymuş cinayətkar saydığı halda, digərlərinin fikrincə, o, “ölkəni kommunistlərdən və böhrandan xilas etmişdir”. Pinoçetin 17 illik hakimiyyəti dövründə (1973-1990-cı illər) siyasi əleyhdarlara qarşı cəza və işgəncələr baş alıb gedirdi. Çoxsaylı insan öldürülmüş, yaxud itkin düşmüş, minlərlə vətəndaş, o cümlədən indiki Çili Prezidenti Mişel Baçelet ölkədən qaçmalı olmuşdu.
1973-cü ildə hərbi çevriliş zamanı faciəli surətdə həlak olan sabiq Prezident Salvador Alyendenin qızı, Çili parlamentinin deputatı İsabel Alyende təəssüfləndiyini bildirmişdir ki, Pinoçet törətdiyi cinayətlərə görə cavab verməyib öldü. İsabel Alyendenin fikrincə, onun ölümünə baxmayaraq, sabiq diktator barəsində məhkəmə prosesləri davam etdirilməlidir.
Çili hökumətinin rəsmi nümayəndəsi Rikardo Laqos Veber bildirmişdir ki, Pinoçetin rəsmi dəfn mərasimi dekabrın 12-də Santyaqodakı Hərbi Akademiyada olacaqdır. O demişdir ki, Prezident Mişel Baçeletin qərarına əsasən, Pinoçet sabiq prezident kimi deyil, Çili ordusunun keçmiş komandanı kimi onun layiq olduğu ehtiramla dəfn ediləcəkdir.
Matəm əlaməti olaraq Santyaqonun bütün hərbi müəssisələrində bayraqlar endirilmişdir. Paytaxtda isə Pinoçet əleyhdarlarının və tərəfdarlarının mitinqləri keçirilir.