REGİONLAR
Sabirabadda COVID-19-un yayılmasının qarşısının alınması üçün dezinfeksiya işləri diqqətdə saxlanılır VİDEO
Sabirabad, 13 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri gücləndirilib. Hazırda şəhərin küçə və prospektləri xüsusi çiləyici aqreqatlar vasitəsilə yuyulur, yaşayış və inzibati binaların girişləri dərmanlanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin gediş-gəliş daha intensiv olan küçələrində dərmanlama işləri aparılıb. Həmçinin park və meydanlarda da dezinfeksiya işləri görülüb.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Yaqub Tağıyev bildirib ki, son vaxtlar bütün dünyada olduğu kimi, ölkəmizdə də COVID-19-a yoluxmalarda artım müşahidə edilir. “Üzərimizə çox böyük məsuliyyət düşür. Bu məqsədlə Mərkəzin əməkdaşları tərəfindən profilaktik tədbirlər görülür. Artıq dərmanlama işlərinin aparılması üçün bir neçə qrup yaradılıb və işlər plana uyğun yerinə yetirilir. Yaşayış binaları və həyətlər, idarə-müəssisə binaları, eyni zamanda, insanların sıx toplaşdığı ərazilər, bağçaların həyətləri dezinfeksiya olunub. Koronavirusun qarşısının alınması üçün qaydalara əməl etməliyik. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərarlar qəbul olunub. Bunlardan ən önəmli olanı vaksinasiyadır və sakinlər bu prosesdə çox aktiv olmalıdır ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısı tez bir zamanda alınsın”, - deyə o əlavə edib.
Sakinlər də görülən işləri əhəmiyyətli hesab edirlər. Əhalini COVID-19 virusu ilə mübarizədə aktiv olmağa səsləyən sakin Ağasahib Cəlilov deyir ki, birinci növbədə vaksin vurdurmaq lazımdır. Həmçinin sosial məsafə və maskadan istifadə etmək də zəruri şərtlərdəndir. Çünki bununla vətəndaşlarımız öz salamlığını və əhatəsində olanları xəstəlikdən qorumuş olur.
Qeyd edək ki, rayon ərazisində dezinfeksiya işləri mütəmadi davam etdiriləcək.