SABİT ORUCOVUN XATİRƏSİ MOSKVADA EHTİRAMLA YAD EDİLDİ
Keçmiş SSRİ-də neft və qaz sənayesinin görkəmli təşkilatçısı və rəhbəri, yanacaq-energetika kompleksinin inkişafına çox böyük töhfə vermiş Sabit Ata oğlu Orucovun anadan olmasının 90 illiyi ilə əlaqədar Moskvada Rusiya Federasiyasının “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə xatirə günü keçirilmişdir.
S.Orucovun həyat və fəaliyyəti neft sənayesinin tarixinə həmişəlik daxil olmuşdur. O, 36 il bu sahədə çalışaraq, usta vəzifəsindən SSRİ neft sənayesi nazirinin birinci müavininədək şərəfli bir yol keçmişdir. S.Orucovun neftçi kimi səmərəli fəaliyyəti SSRİ-nin beş ordeni və üç yüksək mükafatı ilə qeyd olunmuşdur. 1972-ci ildən 1981-ci ilədək S.Orucov SSRİ-nin Qaz Sənayesi Nazirliyinə başçılıq etmişdir. O illər qaz sənayesinin tarixində tərəqqi və çox böyük nailiyyətlər dövrü olmuşdur. Məhz həmin dövrdə illik qaz hasilatı, magistral qaz kəmərlərinin uzunluğu və nəql edilən qazın həcmi iki dəfə artmışdı. Bunun nəticəsində dünyada ən böyük vahid qaz təchizatı sitemi yaradılmışdı və o, indi də uğurla işləyir. Bütün bu işlərdə Sabit Orucovun sanballı töhfəsi vardı və buna görə həmvətənimiz 1980-ci ildə üçüncü Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.
Xatirə günündə silahdaşları və həmkarları bu heyrətamiz insana öz dərin ehtiramını bildirmişlər. Azərbaycan Prezidenti Heydər Əliyevin tapşırığı ilə respublikamızın yanacaq və energetika naziri Məcid Kərimov da xatirə günündə iştirak edirdi. M.Kərimov öz çıxışında tədbirin təşkilatçılarına və iştirakçılarına prezidentimizin adından təşəkkür etmiş, sonra isə S.Orucovun Novodeviçye qəbristanındakı məzarına dövlətimizin başçısının adından əklil qoymuşdur.
Mərasimdə ölkəmizin Rusiya Federasiyasındakı səfiri Ramiz Rizayev, Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri Nikolay Baybakov, “Qazprom” ASC idarə heyətinin üzvü Fərman Salmanov, keçmiş Sov.İKP MK-nın katibi Vladimir Dolgix, Rusiya Neft Sənayeçiləri İttifaqının sədri Gennadi Şmal, habelə “Rosneft”in, “İtera” şirkətinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri və başqaları da iştirak etmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva