Sağalmaz xəstələrin yalnız onda birinə palliativ kömək göstərilir
Bakı, 29 yanvar (AZƏRTAC). Hazırda dünyada sağalmaz ciddi xəstəlikdən əziyyət çəkən hər on nəfərdən yalnız birinə palliativ kömək göstərilir. Palliativ kömək əzabların, ağrıların, xəstəliyin simptomlarının yüngülləşdirilməsinə, stressin aradan qaldırılmasına, eləcə də ailənin dəstəklənməsinə yönələn köməkdir. Bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) məlumat vermişdir. Təşkilat ilk dəfə “Ömrün sonunda palliativ köməyin qlobal atlası”nı təqdim etmişdir. Hərtərəfli peşəkar kömək palliativ kömək adlandırılır. Bu cür kömək müalicəsi məhdud və ya mümkünsüz olan insanın həyatını yaxşılaşdırmağa çağırışdır.
Yeni tədqiqatda qeyd olunur ki, palliativ kömək ağrıların yüngülləşdirilməsi ilə məhdudlaşmır. O həm də xəstənin özünə və yaxınlarına psixoloji, sosial və mənəvi dəstək göstərilməsinə istiqamətlənmişdir.
DST bildirir ki, palliativ köməyə ehtiyacı olanların üçdə biri sağalmaz onkoloji xəstəliklərdən əziyyət çəkir. Söhbət həm də şiddətlənən xəstəliyi olan, ürəyi, ciyərləri, qaraciyəri, böyrəkləri və ya beyni zədələnmiş insanlardan gedir.
DST-in məlumatlarına görə, sağalmaz xəstələrin hər il iyirmi milyondan çoxu palliativ köməyə ehtiyac hiss edir. Onların təxminən altı faizini uşaqlar təşkil edir. Ağır xəstəliyin ilkin mərhələsində olan adamlar da buraya daxil edilsələr, onda bu cür köməyə ehtiyacı olanların sayı 40 milyona çata bilər.
DST-in mütəxəssisləri diqqəti bu fakta cəlb edirlər ki, hazırda dünyanın yalnız iyirmi ölkəsində pallaiativ köməyin lazımi sistemi inkişaf etmişdir.