Şahbuz rayonunun gəncləri sosial-mədəni həyatda fəallıqları ilə seçilirlər
Şahbuz, 2 fevral, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət-gənclər siyasəti bu gün muxtar respublikamızda da uğurla həyata keçirilir. Gənclərin milli ruhda tərbiyəsi, ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında keçirilən Gənclər Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Kənan Tağızadə, Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Gənclər Birliyinin sədri Vüqar Muradov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Şahbuz rayonunun gəncləri sosial-mədəni həyatda daim fəallıqları ilə seçilirlər. Əlamətdar günlərlə bağlı bütün tədbirlərdə yaxından iştirak edir, hər il Gənclər Gününü yüksək əhval-ruhiyyə ilə keçirirlər.
Gənclər Gününə həsr olunmuş tədbir Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti ilə davam edib.
Sonda rayonda müxtəlif sahələrdə fərqlənən gənclər fəxri fərmanla təltif olunublar.