İQTİSADİYYAT
Sahibkarlığın İnkişafı Fondunun yaradılmasından 30 il keçir
Fond bu günədək 42 minədək sahibkara 2,8 milyard manat güzəştli kredit verib
Bakı, 12 oktyabr, AZƏRTAC
Dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində əsas maliyyə institutlarından olan Sahibkarlığın İnkişafı Fondunun yaradılmasından 30 il keçir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb. Fond ölkədə sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında və işgüzarlığın artırılmasında əhəmiyyətli rola malikdir. Sahibkarlığın İnkişafı Fondunun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
AZƏRTAC xəbər verir ki, Fond tərəfindən bu günədək 42 minədək sahibkara 2,8 milyard manat güzəştli kredit verilib. Bu kreditlər sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxışını təmin etməklə ölkədə qeyri-neft sektorunun inkişafına, innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü investisiya layihələrinin maliyyələşdirilməsinə və yeni iş yerlərinin açılmasına töhfə verib. Fond gələcəkdə müxtəlif maliyyə dəstəyi mexanizmləri vasitəsilə sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Fondun başlıca fəaliyyət istiqamətlərinə daxildir: Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək; Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.
Bu ilin 8 ayında sahibkarların 1732 layihəsinin maliyyələşdirilməsinə 72,1 milyon manat güzəştli kredit verilib. İqtisadiyyatın sahələri üzrə verilmiş kredit sayının 95,9 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 2,7 faizi sənaye məhsullarının istehsalı və emalı, 0,4 faizi turizm,1 faizi isə digər sahələrin inkişafına yönəldilib. Kreditlərin məbləğ üzrə 71 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 15-i sənaye məhsullarının istehsalı və emalı, 2 faizi turizm, 12 faizi isə digər sahələrin payına düşür. 2022-ci ilin yanvar-avqust ayları ərzində ən çox sayda güzəştli kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısına daxildir: “Bank Respublika” ASC (Bank Respublika ) – 387, “Unibank” KB ASC (Unibank ) – 287, “Yelo Bank” ASC (Yelo Bank ) -282, “AccessBank” QSC (AccessBank Azerbaijan ) – 202, “Aqrarkredit” QSC BOKT – 185.