CƏMİYYƏT
“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Bakı, 28 aprel, AZƏRTAC
Nəsimi rayon İcra Hakimiyyətində “Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyinin qalibləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsinin gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, belə oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir.
Asif Əsgərov yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra qalib komandalar və hərbi rəhbərləri diplom, medal və fəxri fərmanla təltif olunublar.
Qeyd edək ki, yarışda hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız) olmaqla 8 - 10-cu sinif şagirdləri iştirak ediblər. Komandalar yarışın 4 mərhələsi üzrə öz qüvvələrini sınayıblar. Hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib.
Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası I yerə, 42 saylı tam orta məktəbin komandası II yerə, 19 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Rayon mərhələsinin qalibi olmuş 23 saylı məktəbin komandası Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.