ŞAHZADƏ DİANANIN ÖLÜMÜ İLƏ ƏLAQƏDAR İSTİNTAQ DÜYÜNƏ DÜŞMÜŞDÜR
Xatırladaq ki, Diana 1997-ci il avqustun 31-də Parisdə həlak olmuşdur.
London polisinin keçmiş başçısı ser Con Stivenin başçılıq etdiyi Britaniya müstəntiqlər qrupunun Diananın qaldığı “Rits” mehmanxanasının təhlükəsizlik xidmətinin rəhbərindən qəzaya bir neçə saat qalmış nə ilə məşğul olması barədə məlumat almaq cəhdi hələlik boşa çıxmışdır.
Fransa tərəfinin həmin məsələ ilə bağlı əməkdaşlıqdan boyun qaçırması bu ölkə məhkəməsinin qəzanın Anri Polun avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində baş verməsi barədə qərarını şübhə altına alır və xüsusi xidmət orqanlarının Diananın ölümündə əli olması ehtimalını gücləndirir.
Britaniya istintaqının nümayəndəsi demişdir: “Anri Polun qəzaya bir neçə saat qalmış nə ilə məşğul olması məlum deyildir. Bizə məlumdur ki, o, Fransa və Britaniya xüsusi xidmət orqanlarına işləmişdir və həmin axşam onlarla əlaqə saxlamışdır. Biz bu əlaqələr barədə məlumat almalıyıq”.
Bir neçə ay əvvəl Skotlənd-Yardın ekspertləri Anri Polun qan analizinin düzgün aparılmasını şübhə altına alan yeni məlumatlar əldə etdikdən sonra Fransa hakiminin qərarı ilə bu cinayət işinin yenidən təhqiqinə başlanmışdır. Britaniya ekspertləri istisna etmirlər ki, Fransa laboratoriyasında qan analizi düzgün aparılmamışdır.