Salyanda psixiatriya xəstəxanası istifadəyə verilmişdir
Salyan, 10 dekabr (AZƏRTAC). Salyanda 100 çarpayılıq rayonlararası psixiatriya xəstəxanasının tikintisi başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, ikimərtəbəli xəstəxana binasında xəstələrin müayinə və müalicəsi üçün bütün imkanlar yaradılmışdır. Ayrıca qazanxana, istilik və sərinləşdirici, yanğından mühafizə sistemlərinə malik olan tibb ocağının həyətində böyük abadlıq işi aparılmış, yaşıllıq zolaqları salınmışdır. Burada 161 həkim və tibb işçisi çalışır.
Xəstəxana ilə tanışlıq zamanı tibb personalı ilə görüşən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov bildirmişdir ki, ölkədə insanların sağlamlığı dövlətin əsas prioritetlərindən biridir və Prezidentin tapşırığı ilə bu istiqamətdə mühüm tədbirlər həyat keçirilir. Salyan da bu baxımdan istisna təşkil etmir. Bu il rayonda bir neçə yeni səhiyyə ocağı tikilmiş, bəziləri əsaslı təmir olunmuşdur. Mərkəzi rayon xəstəxanasında dializ şöbəsinin istifadəyə verilməsi böyrək xəstəliklərindən əziyyət çəkənlərin paytaxta gedib-gəlmək probleminə son qoymuşdur. Hazırda 50 çarpayılıq ağ ciyər xəstəlikləri xəstəxanasında son tamamlama işləri gedir və yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.
Rayonlararası psixiatriya xəstəxanasının kollektivi yaradılan şəraitə və səhiyyənin inkişafına göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişdir.