Şamaxıda sel və küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür
Şamaxı, 16 aprel, R.Türkoğlu, AZƏRTAC
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şamaxı rayonunda da ciddi fəsadlara yol açıb. Ötən gündən başlayaraq yağan intensiv yağış və güclü külək rayonun mərkəzi ilə yanaşı, dağ kəndlərində də bir sıra problemlər yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Mədərsə qəsəbəsində yağan güclü yağış nəticəsində körpünün altından keçən çayın səviyyəsi qalxaraq daşqına səbəb olub. Sel suları körpünü tamamilə su altında qoyub, nəticədə qəsəbəyə gedən avtomobil yolu bağlanıb, nəqliyyatın hərəkəti dayanıb.
Qaleybuğurd və Talışnuru kəndlərində isə çayların səviyyəsinin qəfil qalxması daşqınlara səbəb olub. Nəticədə kəndlərə gediş-gəliş kəsilib, əhalinin əkin sahələri su altında qalıb.
Güclü külək də rayon ərazisində xeyli dağıntı törədib. İrigövdəli ağaclar və telefon dirəkləri aşaraq avtomobil yollarının və yaşayış məntəqələrinin üzərinə düşüb. Rayonun müxtəlif hissələrinə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranıb.
Baş verənlərlə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, polis şöbəsinin rəisi, rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları və digər hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerlərinə baş çəkiblər. Rayon rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müvafiq göstərişlər verilib, xüsusilə yol infrastrukturunun bərpası və daşqının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi tapşırılıb.
Hazırda ərazidə bərpa işləri davam etdirilir. Rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları və icra nümayəndələri əhalinin təhlükəsizliyini təmin etmək və yaranmış vəziyyəti nəzarətdə saxlamaq üçün fasiləsiz iş rejimində çalışırlar.