Şamaxıda tikinti-quraşdırma işlərinin həcmi 47,1 faiz artıb
Şamaxı, 28 fevral, AZƏRTAC
Şamaxıda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra tədbirin keçirildiyi rayon Mədəniyyət Mərkəzinin foyesində kənd təsərrüfatı və sənaye məhsullarının, habelə Şamaxının milli mətbəxinin nümunələrinin nümayiş etdirildiyi sərgi ilə tanışlıq olub.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildə respublika və rayon miqyasında əldə olunan uğurlar, Şamaxıda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, eləcə də nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Qeyd edib ki, dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2019-cu ildə Şamaxıda inişilki illə müqayisədə ümumi daxili məhsulun həcmi 23,1 faiz artaraq 322,2 milyon manat olub. Tikinti-quraşdırma işlərinin həcmi 47,1 faiz artaraq 132,1 milyon manat təşkil edib. İqtisadiyyatın bütün göstəriciləri üzrə artımla yadda qalan 2019-cu ildə rayonda üzümçülüyün inkişaf etdirilməsi əsas prioritet məsələ olub. Ötən il üzümlüklərin sahəsi artaraq 1809,3 hektara çatıb, məhsuldarlıq bir il ərzində 4405 ton artıb. Şamaxıda yeni tingçilik təsərrüfatı yaradılıb, üzümçülüyün inkişafına təkan verəcək, habelə turist axınına səbəb olacaq yeni layihələr icra olunub. Şamaxıda ölkəmizdə ilk dəfə olaraq birinci Üzüm və Şərab festivalı keçirilib.
Hesabat ilində rayonun sosial həyatında da müsbət dəyişikliklərin çoxluğu diqqəti cəlb edir. Yığıncaqda fərdi yaşayış evinlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəyməsi ilə nəticələnən zəlzələnin fəsadlarından bəhs edilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində bu fəsadların aradan qaldırılması ilə əlaqədar görülən işlərdən danışılıb. Bildirilib ki, ötən il Şamaxıda dövlət tərəfindən 4 çoxmənzilli bina, 182 fərdi yaşayış evi tikilib, 1100-dən çox ev bərpa, 1300-dən çox ev təmir edilib və bu işlər hazırda da davam edir.
Ötən il rayonda “ASAN xidmət” mərkəzi istifadəyə verilib, 8 orta məktəb, 3 uşaq bağçası, 7 tibb məntəqəsi tikilib. Hazırda 3 məktəbin tikintisi aparılır, 1 məktəbin tikintisinə də yaxın günlərdə başlanacaqdır.
“Nəsimi ili” çərçivəsində Şamaxıda 10-dan çox beynəlxalq və ölkə əhəmiyyətli tədbir və konfrans keçirilib, rayona 130 minə yaxın turist gəlib, onların da 33 faizi xarici turistlərdir.
Prezident Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı hesabat yığıncağında çıxış edərək, 2019-cu ildə respublikamızın, habelə Şamaxının sosial-iqtisadi inkişafından, eləcə də qarşıda duran konkret vəzifələrdən danışıb.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında” 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş üzümçü fermer Qurbanəli Babaşova orden təqdim edilib, rayonun ictimai-siyasi həyatında və abadlıq-quruculuq işlərində öz fəaliyyətləri ilə fərqlənən bir qrup sakinə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib. Rayon icra hakimiyyətinin başçısı, habelə “DOST-İŞ” Mərkəzində işləyən təmizlik işçiləri və fəhlələri mükafatlandırıb.
Sonda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub, Prezident İlham Əliyevə müraciət ünvanlanıb.