Şamaxının Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi yolu yenidən qurulur VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 16 kilometr uzunluğa malik yol IV texniki dərəcəyə uyğun 6 metr hərəkət hissə və 2 metr çiyinlər də daxil olmaqla 10 metr enində tikilir. Bunun üçün hazırda ərazidə 190 min kubmetr həcmdə torpaq işləri görülür, yararlı çınqıl materialı tökülərək kipləşdirilir və yeni yol yatağı inşa olunur.
Torpaq işlərindən əlavə, yolboyu yeni suötürücü dəmir-beton boruların tikintisinə ehtiyac olduğundan, bu məqsədlə 5 nöqtədə dairəvi boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikintisi işləri aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq yol yatağı hazır olandan sonra çınqıl-qum və qırmadaş-qum qarışıqlarından istifadə olunmaqla normativ qalınlıqda əsasın tikintisi işləri aparılacaq. Daha sonra asfaltlanma işlərinə başlanılacaq ki, bu zaman müvafiq olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 96 min kvadratmetr sahə asfaltlanacaq.
Layihəyə uyğun tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün 96 ədəd müxtəlif yol nişanı, həmçinin 640 ədəd siqnal dirəyi quraşdırılacaq, 48 kilometr uzunluğunda xətlənmə işləri aparılacaq.
Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmalarına şərait yaradılmış olacaq.
Yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.